Главная » 2009 » Июль » 16 » Azərbaycan sərhədçiləri ilə atışmada öldürülmüş yaraqlının radikal dini qruplaşmanın üzvü olduğu ehtimal edilir
Azərbaycan sərhədçiləri ilə atışmada öldürülmüş yaraqlının radikal dini qruplaşmanın üzvü olduğu ehtimal edilir
15:05:06
Balakən. Hafiz Heydərov - APA. Azərbaycanın
Rusiya ilə Gürcüstanla sərhədində sərhədçilər tərəfindən öldürülən yaraqlının
radikal dini qruplaşmanın üzvü olduğu ehtimal edilir.Bu
barədə APA-ya Balakən rayon Prokurorluğundan
məlumat verilib.
Məlumatda bildirilir ki, öldürülən yaraqlının üzərində hər
hansı sənədin olmaması onun şəxsiyyətinin müəyyənləşdirilməsində çətinlik yaradıb.
Lakin bununla belə, həmin şəxsin orta yaşlarda kişi olduğu bildirilir.
Öldürülən yaraqlının saqqallı olması isə onun hansısa radikal dini qruplaşmanın
üzvü olduğunu söyləməyə əsas verir. Hazırda əməliyyatçılar onun hansı ölkənin
vətəndaşı olması və şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma
aparır.
Faktla bağlı Respublika Baş Prokurorluğunun Ağır
Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb,
araşdırma aparılır.
Hadisə zamanı yaralanan Zaqatala Sərhəd Dəstəsinin əsgəri,
1990-cı il təvəllüdlü Bəhruz Əsgər oğlu İsayev isə Balakən Mərkəzi Rayon Xəstəxanasına
yerləşdirilib. Xəstəxananın baş həkimi Akif Uluxanovun APA-ya verdiyi məlumata görə, B. İsayev ayağından
aldığı güllə yarası ilə bu gecə saat 05.00 radələrində xəstəxanaya çatdırılıb.
Güllə əsgərin sağ ayağının pəncəsini dağıdıb. Dərhal əməliyyat olunan B.
İsayevin vəziyyəti hazırda kafi qiymətləndirilir. Xatırladaq ki o, Sumqayıt şəhər
Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Azərbaycanın
Balakən rayonu ərazisində Rusiya, Azərbaycan və Gürcüstan sərhədi sayılan Qubek
dağlarında yerləşən “Üç nöqtə” adlanan ərazidə Azərbaycan sərhədçiləri ilə
dövlət sərhədini pozmağa cəhd göstərən silahlı şəxslər arasında atışma olub.
Dövlət sərhədini qanunsuz keçərək sərhədçilərin əmrinə tabe olmayan dəstə
üzvləri onlara atəş açaraq bir əsgəri yaralayıblar. Müqavimət göstərən silahlı
dəstə üzvlərindən biri öldürülüb, digər beş nəfər isə qaçmağa müvəffəq olub.
Hazırda Balakən rayon Polis Şöbəsinin, rayon
Prokurorluğunun əməkdaşları, Daxili Qoşunların və Zaqatala Sərhəd Dəstəsinin
əsgərləri qaçmağa müvəffəq olmuş sərhəd pozucularının tutulması üçün
əməliyyatlar həyata keçirir.