Главная » 2009 » Январь » 24 » Balakəndə eramızdan əvvələ aid tarixi əşyalar tapılıb - FOTO
Balakəndə eramızdan əvvələ aid tarixi əşyalar tapılıb - FOTO
14:37:26
Balakən. Vüqar Heydərov-APA. Balakən rayon
ərazisindən eramızdan əvvəl 12-8-ci minilliklərə aid tarixi əşyalar
tapılıb. Bu barədə APA-nın
Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının
dissertantı, tarixçi Akif Məmmədli məlumat verib. A. Məmmədlinin
sözlərinə görə, Balakən rayonunun Katex kəndi ərazisində ibtidai
insanların obsidiandan ( vulkanik şüşə, çaxmaq daşı) hazırlanmış kiçik
ölçülü əmək alətləri aşkarlanıb. Tarixçi deyib ki, həmin alətlər orta
daş dövründə (eramızdan 12-ci-8-ci minilliklərdə) istifadə edilməyə
başlanıb.
A. Məmmədli deyib ki, mikrolitlərin tapıldığı əraziyə yaxın yerdə hicri
təqvimi ilə 1315-ci ildə tikildiyi bildirilən hücrə (türbə) binasının
divarlarına qoyulmuş daşlar üzərində ibtidai insanlara aid olduğu şübhə
doğurmayan piktoqrafik yazılar da var.
Tarixçinin deyib ki, həmin əraziyə yaxın olan “Şişdağ” adlanan dağın
başında isə siklop tikili var. Siklop tikililər isə tunc dövründə
yaşamış ibtidai insanlara aiddir.
Tarixçi onu da deyib ki, Balakən rayonu ərazisində mikrolitlərin,
siklopik tikilinin və piktoqrafik yazıların tapılması burada ibtidai
insanların orta daş dövründə artıq məskunlaşdıqlarını sübut edir.