Главная » 2008 » Июнь » 9 » Zaqatalada valideynlər orta məktəblərdə attestat üçün pul tələb olunduğunu iddia edirlər
Zaqatalada valideynlər orta məktəblərdə attestat üçün pul tələb olunduğunu iddia edirlər
19:23:20
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada orta məktəb məzunlarından attestat üçün qanunsuz olaraq pul tələb edilir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna şagirdlərin valideynləri məlumat veriblər. Valideynlər bildiriblər ki, şəhərin 3 saylı, həmçinin 1 saylı Aşağı Tala kənd və Bəhmədli kənd orta məktəblərinin rəhbərliyi ali təhsil almaq arzusunda olan məzunlardan mərkəzləşmiş test imtahanından uğurla keçmələri üçün 100 manat istəyib. Əks təqdirdə, məzunlara attestat verilməyəcəyi deyilib. Zaqatala şəhərindəki 3 saylı orta məktəbin direktoru Məmməd Osmanov isə bu iddiaları təkzib edib. O, heç bir şagirddən imtahan üçün pul tələb olunmadığını söyləyib. Rayon Təhsil Şöbəsinin müdiri Tahir Məmmədov da yayılmış söz-söhbəti eşitdiyini desə də, bunun həqiqətə uyğun olmadığını vurğulayıb. Rayonda keçiriləcək ilk mərkəzləşmiş test imtahanlarının Təhsil Nazirliyinin xətti ilə təşkil olunduğunu bildirən T. Məmmədovun sözlərinə görə, proses 240 müşahidəçi tərəfindən izlənəcək və cavablar 60 nəfərdən ibarət xüsusi komissiya tərəfindən yoxlanılacaq. Şöbə müdiri belə olan halda hansısa məktəb direktorunun şagirddən rüşvət tələb etməsini ağılsızlıq adlandırıb. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə isə bəyan edib ki, Zaqatalada keçirilən test imtahanı nazirlik tərəfindən təşkil olunmadığı üçün mərkəzləşdirilmiş hesab oluna bilməz. O, təhsilin bitirilməsi barədə sənədlərin şagirdlərə pulsuz verilməli olduğunu xatırladıb: “Əgər hər hansı şagird və ya valideyndən attestatın əvəzində pul tələb olunursa, həmin şəxs ərizə ilə nazirliyə və ya “Qaynar xətt“ə müraciət etsin. Bircə müraciət də daxil olarsa, biz onu dərhal araşdırmağa başlayacağıq. Ancaq çox təəssüf ki, ictimaiyyət belə məsələlərdə aktivlik göstərmir və hər hansı məsələnin araşdırılması üçün müraciət etmir”.