Balakən. Hafiz Heydərov - APA. Bu gün Azərbaycanın şimal-qərb bölgəsinə güclü dolu düşüb. Nəticədə Balakənin Talalar kəndinə ciddi ziyan dəyib. Kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdikləri məlumata görə, yağıntı, əsasən kənd təsərrüfatına ziyan vurub, bəzi yaşayış obyektlərinin dam örtüklərinə də ziyan dəyib. Həmçinin Balakənin Tülülər və Gərəkli kəndlərinə də xeyli yağıntı düşüb. Nəticədə bölgədəki dağ çaylarının səviyyəsi qalxıb və sular bulanıb. Yerli əhalinin içməli suya olan tələbatının böyük hissəsinin dağ sularının payına duşməsi ərazidə içməli su problemi yaradıb. Hazırda Balakən rayon İcra Hakimiyyəti kəndlərə dəyən ziyanı araşdırır.