Главная » 2008 » Май » 26 » Zaqatalada bankomatlarda pul çatışmazlığı pensiyaçıların təqaüdlərini almasında problemlər yaradıb-FOTO
Zaqatalada bankomatlarda pul çatışmazlığı pensiyaçıların təqaüdlərini almasında problemlər yaradıb-FOTO
17:13:27
Zaqatala. Hafiz Heydərov - APA. Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialına məxsus bankomatlarda pul çatışmazlığı üzündən yüzlərlə pensiyaçı təqaüdünü ala bilmir. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayon mərkəzindəki bankomatların qarşısında təqaüdçülərin böyük növbəsi yaranıb. Kənlərdən pensiya almaq üçün rayon mərkəzinə üz tutan 60-70 yaşlı insanlar səhərdən axşamacan bankomatların qarşısında növbə çəkmək məcburiyyətində qalıblar. Təqaüdçülərin dediyinə görə, artıq üçüncü gündür ki, pensiyalarını ala bilmirlər. Səhərdən axşamacan növbə gözlədiklərini vurğulayan təqaüdçülər növbə çatdıqda bankomatlarda pulun qurtarmasından şikayət edirlər. Pensiyaçılar, həmçinin rayon ərazisində bankomatların sayının az olduğunu da söyləyiblər. Beynəlxalq Bankın Zaqatala filialının mühasibi Sevil Əliyeva problemin pul çatışmazlığı ilə bağlı olduğunu söyləyib. O, problemin yaranmasının əsas səbəbinin bankomatlarda pulun qurtarması ilə bağlı olduğunu bildirsə də, rayon ərazisində bankomatların sayının az olduğunu qeyd edib. Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri Anar Həmzəyev APA-nın yerli bürosuna təqaüdçülərin şikayətinin əsassız olduğunu söyləyib və qeyd edib ki, hər ay pensiyalar verilməyə başladıqda təqaüdçülər pullarını daha tez almaq üçün növbədə qarışıqlıq yaradırlar. O, problemin bir neçə günə həllini tapacağını deyib. Bankomatların sayının az olması ilə əlaqədar pensiyaçıların səsləndirdiyi fikirlə razılaşmadığını vurğulayan A. Həmzəyev respublika üzrə rayonlar içərisində Zaqatalanın bankomat sayına görə ön sıralarda olduğunu bildirib. A. Həmzəyev, həmçinin yaxın gələcəkdə rayonda daha bir neçə yeni bankomatın quraşdırılacağını da söyləyib.